2018-ci ildə dünya avtomobil bazarı 7 illik artımdan sonra ilk dəfə “mənfi” göstərici təqdim etdi

17:00 - 25.01.2019


25 yanvar, Fineko/abc.az. 2018-ci ilin yekunlarına görə dünya avtomobil bazarı 0,5% azalaraq 94 milyon 791 min ədəd minik və yüngül kommersiya avtomobil təşkil etdi.

“AVTOSTAT” agentliyi xəbər verir ki, LMC Automotive konsaltinq şirkəti məlumatlarına görə, 2009-cu ildən etibarən ilk dəfə mənfi nəticə qeydə alınıb.

Avtomobil satışına görə dünya liderliyi Çinə məxsusdur. Burada keçən il 27 milyon 732 min avtomobil (-3,1%)  satılmışdı. Amerika 17 milyon 292 min avtomobil (0,6%) göstəricisi ilə ikinci ən iri avtomobil bazarı olaraq qalır.

Qərbi Avropa ölkələrinin avtomobil bazarları demək olar ki, eyni səviyyədə qalmış və 16 milyon 153 min avtomobil təşkil etmişdir. Qeyd edildiyi kimi, yeni WLTP avtomobil sertifikatlaşdırma qaydaları tətbiq olunduqdan sonra, son dörd ay ərzində yeni maşınlara tələbat azalmışdı və bu, ilin sonunda sıfır dinamikaya səbəb olmuşdu. Şərqi Avropa ölkələrində avtomobil satışı 2017 ilə nisbətən 0,5% artımla 4 milyon 243 min ədədi təşkil edib. Qeyd edək ki, Rusiya avtomobil bazarı ötən ili 13% artımla başa vuraraq iki il ardıcıl olaraq müsbət tendensiya göstərib.

Cənubi Amerikada yerli dilerlər 3 milyon 245 min avtomobil satmışlar ki, bu da 2017-ci ildə həyata keçirilən satışlardan 7,1% çoxdur. Dünyanın ən böyük avtomobil bazarları arasında Yaponiya (5 milyon 203 min ədəd, + 0,8%), Kanada (2 milyon 018 min ədəd, -1,2%) və Koreya (1 milyon 177 min ədəd, + 1,4%) qeyd edilir.

 

Bütün xəbərlər