Prezident İlham Əliyev: 2018-ci ildə Azərbaycana 2 milyon 850 min turist gəlib və 2 milyard dollara yaxın pul xərcləyib

30.01.2019,14:13


30 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda cıxışı zamanı qeyd edib ki, son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlmişdir. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləyib.

Prezident deyib: “Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir.Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək”.

Açar sözlər: İlham Əliyev