Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında gediş haqqı endirildi

11:33 - 31.01.2019


31 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY), 30 dekabr 2018-ci  il tarixindən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəlinə və gediş haqqında dəyişikliklər tətbiq ediləcəyini elan edib.

ADY-in məlumatında  deyilir ki, artıq bu vaxta qədər günaşırı hərəkətdə olan həmin marşrut üzrə reyslər hər gün həyata keçiriləcək. 

“Yeni cədvələ uyğun olaraq, saat 8:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, həmçinin standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.

“Yeni hərəkət cədvəli və yeni tariflər 2019-cu ilin fevralın 4-dən  qüvvəyə minəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər