Azərbaycanda icbari tibbi sığorta üzrə qaydalar və tariflər müəyyənləşdi

10:57 - 1.02.2019


1 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Tibbi sığorta haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi.

Azərbaycan vətəndaşları, ölkədə daimi və müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər icbari tibbi sığorta (İTS) xidmətindən yararlana biləcəklər. Qanun, sığortaolunana sığorta ili müddəti ərzində göstərilən tibbi xidmətlərin sığorta limitini nəzərdə tutur.

Düzəlişlərə əsasən, xidmətlər zərfi – baza və əlavə hissələrdən ibarət olacaq. Baza xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətini nəzərdə tutacaq. Əlavə hissə isə  ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsini nəzərdə tutacaq. 

Ölkənin dövlət büdcəsindən İTS-nin baza hissəsini maliyyələşdirmək üçün hər bir vətəndaşa illik 29 manat ayrılacaqdır. Sığortanın əlavə hissəsi əmək haqqının 4 faizi həcmində sığorta haqları hesabına formalaşacaq, onlardan 2 faizi işçiyə, 2 faizi işəgötürənin üzərinə düşəcək.

Dövlət büdcəsi həmçinin 18 yaşına çatmamış şəxslər üçün 120 manat, təhsil alan və 23 yaşa çatmayanlar, təqaüdçülər, ünvanlı sosial yardım  (ÜSY) alanlar, hamilə qadınlar üçün 120 manat məbləğində İTS xərclərini ödəyəcəkdir. Sahibkarların, fiziki şəxslər üçün İTS xidmətlərinin dəyəri həmçinin  120 manat təşkil edəcək və bu məbləğ onlar tərəfindən ödəniləcəkdir.

Düzəlişlər 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minəcək.

 

Bütün xəbərlər