Rusiyanın “Qaz Qrup” və Azərbaycanın “Azərmaş” şirkəti fevralın 9-da avtomobillərin birgə istehsalı üzrə zavodun təməlini qoyacaqlar

18:18 - 6.02.2019


6 fevral, Fineko/abc.az. Avtomobillərin istehsalı üzrə Azərbaycan-Rusiya birgə zavodun təməlqoyma mərasiminin tarixi açıqlanıb.

Azərbaycanın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, mərasim fevralın 8-də keçiriləcək Rusiya İqtisadi İnkişaf Naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində keçiriləcək.

“Fevralın 9-da Hacıqabul sənaye məhəlləsində Azərmaş və Rusiyanın “Qaz Qrup” şirkətləri tərəfindən kommersiya avtomobillərinin və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə birgə müəssisənin təməli qoyulacaq”, - məlumatda belə deyilir.

2018-ci ilin sentyabr ayında “Qaz Qrup” və "Azərmaş" şirkəti Azərbaycanda avtomobil və avtobusların yığılmasına dair saziş imzalayıblar. Razılaşma çərçivəsində, Azərbaycanın ərazisində QAZ markalı kommersiya nəqliyyat vasitələrinin, həmçinin LiAZ və Vektor NEXT avtobuslarının yığılması üzrə müəssisənin yaradılması planlaşdırılır.

Müqaviləyə əsasən, Azərmaş Hacıqabul şəhərində yüngül kommersiya vasitələrinin və avtobusların yığılması üzrə zavod tikəcək. Texnikanın istehsalının başlaması 2019-cu ilin sonuna planlaşdırılır. Birinci mərhələdə, QAZel NEXT, QAZon NEXT avtomobilləri, həmçinin QAZel BİZNES və Sobol BİZNES avtomobilləri və onların tam intiqallı versiyaları daxil olmaqla, QAZ avtomobillərinin istehsalına başlamaq planlaşdırılır. İkinci mərhələdə, Vektor NEXT və LiAZ avtobuslarının istehsalı başlayacaq. QAZ avtomobillərinin bazasında, gələcəkdə bələdiyyə xidmətləri, təcili tibbi yardım maşınları və məktəb mikroavtobusları üçün nəqliyyat vasitələrinin müxtəlif variantları istehsal olunacaqdır.

 

Bütün xəbərlər