Gürcüstan Avropa İnvestisiya Bankı tərəfindən ayrılmış 100 milyon avro məbləğində kreditdən imtina etdi

11.02.2019,17:11


11 fevral, Fineko/abc.az. Gürcüstan, Avropa İnvestisiya Bankı (AİB) tərəfindən ayrılan 100 milyon avro məbləğində kreditdən imtina etməli oldu. 

Gürcüstan Parlamentinin  mətbuat xidmətinin yaydığı məlumata əsasən,bu barədə, Aqrar Komitənin iclasında açıqlanan bülletendə bildirilib.

Sənəddə xəbər verilir ki, deputatlar, hökumət tərəfindən ratifikasiya olunması üçün təqdim edilən Gürcüstan və AİB arasında imzalanan "Gürcüstanın kənd təsərrüfatı məhsullarının istehsalı / emalı və satış zənciri"  maliyyə sazişini nəzərdən keçiriblər. Bu məsələ üzrə Maliyyə nazirinin müavini Georgi Kakauridze  deputatlar qarşısında çıxış edib.

Bu maliyyə müqaviləsi 2016-cı ildə imzalanıb. Nazir müavini bildirib ki, layihənin həyata keçirilməsi üçün AİB Gürcüstana 100 milyon avro məbləğində kredit ayırıb: "Kənd Təsərrüfatı Nazirliyinin səylərinə baxmayaraq, Gürcüstanın kommersiya bankları valyuta riskinin öhdəliklərini üzərinə  götürə bilmədi. Nəticədə fermerlər üçün avroda kreditin faiz dərəcəsi çox (illik 8-9%) oldu və məqsədəuyğun olmadı. Buna görə hökumət ayrılmış kreditdən imtina etməyi qərara aldı”, - Kakauridze belə  deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı AİB ilə danışıqlar aparılmış və yuxarıda göstərilən məbləğ çərçivəsində yeni bir layihənin həyata keçirilməsi yolları axtarılır. Kakauridzenin sözlərinə görə, söhbət, meliorasiya infrastrukturunun inkişafı layihəsi haqqında gedir.

Nazir müavini deyib ki, 2018-ci ildə Gürcüstanla AİB arasında kreditin ləğv edilməsinə dair müqavilə imzalanıb. Müqavilənin qüvvəyə minməsi üçün Gürcüstanın Parlamenti tərəfindən sənədin ratifikasiyası vacibdir. Yaxın günlərdə bu məsələ ali qanunverici orqanın baxılmasına təqdim olunacaq.