330x110
 

Azərbaycan və Rusiya İrana, Gürcüstana və Türkiyəyə avtomobil ixrac edəcək

09.02.2019,16:00


9 fevral, Fineko/abc.az. Bu gün Hacıqabul sənaye məhəlləsində “Azərmaş” və Rusiyanın "Gaz Group" şirkətləri tərəfindən kommersiya və xüsusi təyinatlı avtomobillər istehsal edən zavodun təməlinin qoyulması mərasimi keçirilib. Mərasimdə Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərlə bildirib ki, Rusiya ilə münasibətlər bütün sahələrdə inkişaf edir və yeni zavodun təməlinin qoyulması avtomobil istehsalında yeni əməkdaşlığın ilk nümunəsidir.

“8 milyon dollardan çox (14 milyon manat) investisiya qoyulması planlaşdırılan zavod Rusiya texnologiyası əsasında inşa ediləcək. Zavodun istismara verilməsi 2020-ci ilin sonuna qədər planlaşdırılır. İstehsal gücü ildə 1000 avtomobil olacaq zavodda 100 yeni iş yeri yaradılacaq. İstehsal məhsulunun yarısı Azərbaycanda satılacaq, qalanları isə üçüncü ölkələrə ixrac ediləcək”, - nazir bunu deyib.

Öz növbəsində, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, əsasən İran, Gürcüstan və hətta Türkiyəyə ixrac etmək planlaşdırıldığını açıqladı.

“Bugünkü hadisə əhəmiyyətli bir hadisədir və “QAZ” avtomobil zavodunun tikintisinin başlanğıcı,  ötən ilin sentyabr ayında prezidentlərin əldə etdiyi, strateji tərəfdaşlığın inkişafı üçün fəaliyyət planı imzalandığı razılaşmaların praktiki olaraq, həyata keçirilməsidir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, yeni birgə zavod həm Azərbaycan, həm də Rusiya üçün faydalı olacaq.

“Azərbaycanda inşa ediləcək zavodda 100-ə yaxın yeni iş yerinin açılması və bəzi komponentlərin Rusiyada istehsal ediləcəyi nəzərə alınmaqla, bu, Azərbaycanın məşğulluğunun  əlavə artımı və Rusiya iqtisadiyyatının artması deməkdir. Bu layihə, vətəndaşlarımız üçün yeni iş yerləri, yüksək əmək haqqı və daha keyfiyyətli həyat təmin edəcək”, - deyə M. Oreşkin bildirib.