Azərbaycan və Rusiya İrana xüsusi və kommersiya avtomobillərinin birgə ixracını planlaşdırırlar

09.02.2019,17:14


9 fevral, Fineko/abc.az. Azərbaycan və Rusiya İrana xüsusi və kommersiya avtomobillərinin birgə ixracına başlamaq barədə razılığa gəliblər.

Bu gün Hacıqabul sənaye məhəlləsində “Azərmaş” və Rusiyanın “Gaz Group” şirkətləri tərəfindən kommersiya və xüsusi təyinatlı avtomobillər istehsal edəcək zavodun təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimi Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə keçirilib.

“Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovun sözlərinə görə, zavodun 2020-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılır.

"Birinci mərhələdə avtomobilləri İrana ixrac etmək planlaşdırılır, çünki bu istiqamətdə böyük potensial var. Azərbaycanda artıq avtomobilin tərəfdaşlığının qurulduğunu nəzərə alaraq, biz, Rusiya tərəfinə nisbətən müvafiq nəticələri daha asan əldə edə bilərik. Hərçənd, “QAZ” da müvafiq danışıqları artqı aparıb”,  - deyə E.Axundov bildirib.