ARPA və “Ziraat Bank Azərbaycan” ASC tərəfindən “Risklərin İdarə Edilməsi” adlı ödənişsiz təlim keçirildi

16:22 - 13.02.2019


13 fevral, Fineko/abc.az. Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) Risklərin İdarə Edilməsi sahəsində mövcud olan problemlərin müzakirəsinə nail olmaq məqsədilə ölkənin aparıcı maliyyə qurumları ilə sıx əməkdaşlıq çərçivəsində yerli və beynəlxalq təlimçilərin iştirakı ilə seminar və maarifləndirici tədbirlər həyata keçirir.

Belə tədbirlərdən biri də ARPA-nın müvafiq sahədə fəaliyyətinə dəstək verən və həmçinin assossiasiyanın fəxri üzvü olan “Ziraat Bank Azərbaycan” ASC`nin dəstəyi ilə 11-12 fevral 2019-cu il tarixlərində “Risklərin İdarə Edilməsi” sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün keçirildi. Seminar müvafiq sahədə ümumilikdə 15 ildən çox peşəkar təcrübəyə malik olan türkiyəli təlimçi Güneş Kasapın iştirakı ilə baş tutdu.

Seminar iki gün olmaqla, maliyyə və qeyri-maliyyə sektorunun nümayəndələri üçün ayrılıqda təşkil olunmuşdur. Seminarda məzənnə, faiz və əmtəədən meydana gələn risklər, likvidliyin idarə edilməsi və yaşanan çətinliklər, maliyyə risklərinin hedge edilməsi və bunun dünya təcrübəsi, maliyyə idarə etməsinin digitallaşması tendensiyası, maliyyə risklərinin müəyyənləşməsi və idarə edilməsi prosesləri və s. mövzuların müzakirə edildi.

Seminar iştirakçılarının mülahizələrinə əsasən, risklərin idarə edilməsi sahəsində yeni biliklərin əldə edilməsi zərurətini rəhbər tutaraq və ARPA-nın prinsip və hədəflərinə uyğun olaraq, gələcəkdə də bu sahədə təlim və seminarların keçirilməsi işi  uğurla davam etdiriləcəkdir.

 


Bütün xəbərlər