Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM payı 5806,7 manat təşkil etdi

15:49 - 22.11.2017


22 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən təşkilatlar, müəssisələr və fərdi sahibkarlar  yanvar-oktyabr ayları ərzində 56481,5 milyon manat həcmində ümumi daxili məhsul istehsal etdilər.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, keçən ilin analoji dövrü ilə müqayisədə,  ölkənin ÜDM-u  0,7% azalıb.

“Hesabat dövrü ərzində iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artmış, neft sektorunda isə 6,0 faiz azalmışdır. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,7 faiz təşkil etmişdir. Adambaşına düşən ÜDM payı 5806,7 manat təşkil edir”, - deyə komitədən xəbər verildi.

Həmçinin bildirildi ki, ölkədə fəaliyyət göstərən sahibkarlar yanvar-oktyabr ayları ərzində 32 milyard manatlıq sənaye məhsulları istehsal etmişdirlər ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 4,6% azdır. Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 7,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,6 faiz azalmışdır.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artmış, neft sektorunda isə 5,9 faiz azalmışdır.

İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2017-ci il vəziyyətinə 576,9 milyon manatlıq hazır məhsul olmuşdur”, - xəbərdə belə deyilir.

 

 

Bütün xəbərlər