Azərbaycanda çoxmənzilli binaların istismara verilməsi prosedurları sadələşdirildi

19.02.2019,16:48


19 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılmışdır ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir.

Fərman, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsinin sadələşdirilməsi və optimallaşdırılması məqsədi ilə imzalanıb.

Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinə 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə etmək, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib etmək, sonra isə rəyi, bina layihəsinin elektron surəti ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim etmək həvalə edilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

Aparılmış  müayinənin nəticələri mənfi olduqda, FHN müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları haqqında rəyini çoxmənzilli yaşayış binasının sahibinə və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda, FHN-nə təkrar müraciət oluna bilər.

Nazirlər Kabinetinə 15 gün müddətində icazə formasını hazırlamaq və bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.