Azərbaycanda 2.2 milyon vətəndaş dövlətin sosial təşəbbüslərindən faydalanacaq

15:56 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Azərbaycan bir neçə aydır ki, ciddi sosial paket üzərində işləyir.

Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərə həsr olunmuş iclasda bildirib ki, bütün təşəbbüslər təhlil edilərsə, o cümlədən problemli kreditlər olan vətəndaşların sayı dəqiqləşdirilərsə, o zaman bu təşəbbüslərdən təxminən 2,2 milyon nəfər faydalanacaq.

“Bu, çox ciddi bir paketdir və bizim maliyyə imkanlarımız onları həyata keçirməyə imkan verir. Ölkənin iqtisadi inkişafı sosial məsələlərin həllinə bağlıdır və bu da təbiidir. Elan edilmiş ciddi iqtisadi və sosial islahatlar vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına əlavə maliyyə ehtiyatları yönəltməyə imkan verir”, - prezident belə deyib.

Onun sözlərinə görə, yanvar ayında ölkənin ÜDM-i 3% artıb və bu, son 2-3 ayda ən yüksək rəqəmdir. Yəni, 2019-cu ildə Azərbaycanda yüksək iqtisadi inkişaf təmin ediləcəkdir.

“Yanvar ayında qeyri-neft sənayesinin artımı 14% təşkil edib və bu, dünyanın ən yüksək göstəricilərindən biridir. Ölkədəki iqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir il ərzində sabit qalır, inflyasiya isə ən aşağı səviyyədədir. 2019-cu ilin qarşıdakı aylarında ciddi iqtisadi islahatlar aparılacaq və dərinləşəcək”, - deyə İ.Əliyev bildirib.

 

Bütün xəbərlər