330x110
 

Xocalı soyqırımından 27 il ötdü

26.02.2019,10:50


26 fevral, Fineko/abc.az. Bu gün erməni vəhşiləri tərəfindən törədilmiş Xocalı soyqırımının 27-ci ildönümüdür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə silahsız və müdafiəsiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları ilə əhatə olundu, sonra Xocalı artilleriya və ağır hərbi texnikadan atəşə tuutldu, şəhərdə qısa müddətdə yanğın baş verdi, şəhər tamamilə alova büründü. Şəhərin müdafiəçiləri və yerli əhali şəhərdən çıxmağa məcbur oldu. Fevralın  26-sı, səhər saat 5-də şəhər erməni işğalçıları tərəfindən zəbt olundu.

Bir gecədə qədim Xocalı yerlə yeksan olundu.

Şəhəri tərk etmək məcburiyyətində qalan yerli sakinlər dağlara, meşələrə qaçdı. Hər yerdə, silahlı ermənilər dinc sakinlərə atəş açır, onları amansızcasına qətlə yetirirdilər. Beləliklə, soyuq, qarlı fevral gecəsində bir çox qızlar və qadınlar əsir düşdü, girov götürüldü. İnsanlar erməni silahlarından qaçsalar da, onların əksəriyyəti dağlarda, meşələrdə soyuqdan, şaxtadan həlak oldu.

Erməni qoşunlarının vəhşilikləri nəticəsində, Xocalı əhalisindən 613 nəfər qətlə yetirildi, 487 nəfər əlil oldu, 1275 dinc sakin - yaşlılar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz erməni işgəncələrinə, təhqirlərə və alçaldılmalara məruz qaldı.

150 nəfərin taleyi indiyə qədər məlum deyil. Bu, əsl soyqırım idi. Xocalıda öldürülən 613 insandan 106-sı qadın, 63-ü uşağı, 70-i yaşlılar idi. Xocalı faciəsində 8 ailə tamamilə məhv edildi, 24 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla öldürüldü. Ermənilər onları diri-diri yandırdılar, başlarını kəsdilər, üzlərinin dərisini soydular, körpələrin gözlərini çıxartdılar, hamilə qadınların qarınlarını süngülərlə yırtdılar. Ermənilər hətta ölüləri də təhqir etdilər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il martın 1-də bu barədə xüsusi fərman verdi. Parlamentin qərarı ilə 26 fevral  “Xocalı soyqırımı və milli matəm günü” elan olundu. Bu barədə bütün beynəlxalq təşkilatlara bildirdi.