Azərbaycanda minimum əməkhaqqı və pensiya bu gündən artdı

01.03.2019,12:46


1 mart, Fineko/abc.az. Azərbaycanda bu gündən minimum əməkhaqqı və minimum pensiya qalxır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verildi ki, minimum əmək haqqı 38,4 faiz artırılaraq 180 manata və əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılır. 

“Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 min insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım edilir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ay ərzində 335 milyon manat əlavə vəsait ayrılacaq”, - deyə məlumatda bildirilir.

Məlumatda deyilənə əsasən, minimum pensiya məbləğinin artırılması isə 233 min pensiyaçını əhatə edəcək. Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı üzrə 41 milyon manat,  illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək.