Azərbaycana hər il 200 min çinli turisti gələcək

16:21 - 1.03.2019


1 mart, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çinin Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Agentliyin məlumatında deyilir ki, sənədi Agentliyin sədri Fuad Nağıyev və ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

“Yeni müqaviləyə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, - deyə Dövlət Turizm Agentliyinin sədri bildirib.

Onun sözlərinə görə, Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post- Sovet məkanı, həm Asiya, həm Avropa, həm Yaxın Şərq daxildir. Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq.

İmzalanma 27 fevral - 1 mart tarixlərində Pekində keçirilmiş ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çin hökumətlərarası komissiyasının yeddinci iclası çərçivəsində keçirilib.

 

Bütün xəbərlər