KOB sektoruna ərəb sərmayəsinin cəlb edilməsində mühüm addım

15:56 - 4.03.2019


4 mart, Fineko/abc.az. Martın 4-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumu (SAGİA) arasında “İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı” imzalanıb.

Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbərinin müavini Ayed Hadi AlOtaibi imzalayıblar. Sənəddə ölkələrimiz arasında investisiya sahəsində əlaqələrin genişləndirilməsi və bu sahədə görüləcək tədbirlər öz əksini tapıb.

Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərən Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun növbəti iclasında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri, İşçi Qrupunun həmsədri Orxan Məmmədov Azərbaycan-Səudiyyə Ərəbistanı işgüzar dairələri arasında əməkdaşlıq, İşçi Qrupu çərçivəsində görülən işlər barədə məlumat verib. Vurğulanıb ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində inkişaf edir. İşçi Qrupu çərçivəsində iş adamlarını maraqlandıran məsələlər, böyük potensiala malik əməkdaşlıq istiqamətləri müzakirə olunur. 2017-ci ildə İşçi Qrupunun Ər-Riyad şəhərində keçirilmiş iclasında “Made in Azerbaijan” brendinin təbliği məqsədilə Səudiyyə Ərəbistanı Krallığına ixrac missiyalarının təşkili, birgə müəssisələrin təsis edilməsi, iş adamlarının iştirakı ilə dəyirmi masaların təşkili barədə razılıq əldə edilib. Ötən ilin oktyabrında Agentliyin nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Riyad və Ciddə ticarət palatalarında, eləcə də maliyyə, ticarət, investisiya, ixrac, araşdırmalar üzrə ixtisaslaşmış qurumlarda görüşlər təşkil olunub, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Səfər çərçivəsində həmçinin, biznes nümayəndəri ilə qarşılıqlı maraq doğuran faydalı işgüzar müzakirələr aparılıb, əməkdaşlıq haqqında memorandum imzalanıb.

Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verildiyini qeyd edən KOBİA sədri Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2017-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını qeyd edib,

Agentliyin fəaliyyəti və KOB-lara dəstək mexanizmləri barədə məlumat verib. Bildirilib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.

 

 

 

Bütün xəbərlər