Azərbaycan və Səudiyyə Ərəbistanı iş adamlarının əməkdaşlığı üçün elektron baza yaradacaq

15:34 - 5.03.2019


5 mart, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri İbrahim bin Əbdülrəhman əl-Öməri qəbul edib.

Nazirlikdən verilən məlumata əsasən, bu il Səudiyyə Ərəbistanına ixrac missiyası təşkil ediləcək.

“Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 370 milyon dollar investisiya yatırıb. Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir”, - nazir Ş. Mustafayev bunu deyib

Məlumatda deyilir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarına və məhəllələrinə, aqroparklara investisiya yatırmağa dəvət edib.

“İbrahim bin Əbdülrəhman əl-Ömər ölkəsinin investisiya yatırılmasına və əməkdaşlığa marağını ifadə edərək, əməkdaşlığın təşkili üçün hər iki ölkənin iş adamları üçün elektron bazanın yaradılmasını təklif edib”, - deyə məlumatda qeyd edilir.

 

Bütün xəbərlər