Mersi Tembon: İndi Azərbaycanın yeni, daha mürəkkəb iddiaları var

06.03.2019,12:35


6 mart, Fineko/abc.az. Dünya Bankı iqtisadiyyatın diversifikasiyasının təmin edilməsi çərçivəsində Azərbaycanda keçirilən islahatlara yüksək qiymət verir.

Bakıda keçirilən “İqtisadiyyatın diversifikasiyası - özəl sektorun rolu” adlı yüksək səviyyəli forumda, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon bildirib ki, Azərbaycanda keçirilən təşəbbüslər, investisiyalar və islahatlar, Azərbaycanın orta gəlirli ölkələr sırasına çatmasına gətirib çıxartdı.

“Mən Azərbaycanı bu irəliləyiş ilə təbrik etmək istəyirəm, lakin inkişaf və diversifikasiya prosesində ölkənin üzləşdiyi çətinlikləri qeyd etməmək mümkün deyil. Biz bu prosesdə Azərbaycana kömək etdiyimiz və dəstəklədiyimizdən qürur duyuruq və sevinirik, amma qeyd edilməlidir ki, dayanmaq olmaz. Bu, ölkənin statusuna uyğun yeni, daha mürəkkəb problemləri həll etməyə və inkişafı davam etdirməyin lazım olması deməkdir”, - M.Tembon belə deyib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan iqtisadiyyatı əsasən dövlət investisiyaları, neft iqtisadiyyatı və istehlak artımı hesabına inkişaf etmişdir. Gələcək iqtisadi artımı təmin etmək üçün, inkişaf istiqamətində dəyişiklik edilməlidir.

“Azərbaycan, yeni statusu nəzərə alınaraq, yeni texnologiyalar və digər yeniliklər tətbiq etməlidir. Qeyd etmək vacibdir ki, özəl sektor məşğulluğun artımının təmin edilməsində əsas elementdir”, - M.Tembon belə deyib.