UNEC-də qış imtahan sessiyasının nəticələri müzakirə edildi

07.03.2019,11:42


7 mart, Fineko/abc.az. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda UNEC İctimai Nəzarət Şurasının üzvləri də iştirak edib.

UNEC-in rektoru, professor  Ədalət Muradov imtahanlarda tələbə biliyinin şəffaf və obyektiv qiymətləndirilməsini universitetin prinsipial mövqeyi kimi açıqlayaraq, bu mövqeyin dəyişməz olaraq qalacağını diqqətə çatdırıb. Rektor 2018/2019-cu tədris ilinin qış imtahan sessiyanın nəticələrinin qənaətbəxş olduğunu bildirib.

UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının yekunları barədə məruzə ilə çıxış edib. İmtahan sessiyasında 11746 bakalavr və 2280 magistrin iştirak etdiyini bildirən prorektor imtahanların həm yazılı, həm də test üsulu ilə keçirildiyini qeyd edib. Universitet üzrə müvəffəqiyyət göstəricisinin 82% təşkil etdiyinə diqqət çəkən A.Rzayev bakalavr pilləsi üzrə ən yüksək göstəricinin (95%) Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alındığını vurğulayıb. O, ötən illərlə müqayisədə əla qiymət alan tələbələrin sayında böyük artım olduğunu, 34 nəfər Prezident təqaüdçüsünün hər birinin bu adı qoruya bildiyini deyib.

Məruzədə imtahan sessiyasında tətbiq olunan yeniliklərdən də danışılıb. Bildirilib ki, müvafiq fakültələrdə “iqtisadiyyata giriş”, “makroiqtisadiyyat”, eləcə də texniki və texnoloji ixtisaslar üzrə ixtisas fənlərindən imtahanlar yazılı formada, marketinq və mühasibat uçotu fənlərində isə yenilənmiş vahid sillabus əsasında test suallarının məxfi saxlanılması şərti ilə keçirilib. İmtahan sessiyasında tətbiq olunan daha bir yenilik isə imtahanların təşkili və nəzarətin həyata keçirilməsinin fakültələrə həvalə edilməsi ilə bağlı olub.

UNEC İctimai Nəzarət Şurasının koordinatoru, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev şura üzvlərinin artıq 3 ildir ki, UNEC-də imtahanlara nəzarət etdiklərini bildirib. Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan şura üzvlərinin “Açıq qapı” keçirdiyinə, “Qaynaq xətt” xidmətinin KİV-ə həvalə olunduğuna diqqət çəkən E.Əliyev, tələbələr arasında keçirdiyi anonim rəy sorğusunun nəticələrini də açıqlayıb. Bildirib ki, sorğuda respondentlərin böyük əksəriyyətinin imtahanların təşkili, obyektivliyin təmin olunması, sualların keyfiyyəti, eləcə də tədris olunan mövzularla uyğunluğu, tələbə məmnuniyyəti ilə bağlı münasibətləri müsbət olub. E.Əliyev UNEC-in ötən illə müqayisədə qarşıya qoyduğu hədəfə doğru daha da inamla irəlilədiyini vurğulayaraq, belə bir şəffaf mühitdə savadlı mütəxəssislərin hazırlanacağına əminliyini ifadə edib.