Yusif Eyvazov: Arzum Azərbaycanın regionlarına səyahətə çıxmaqdır

15:51 - 7.03.2019


7 mart, Fineko/abc.az. Tanınmış opera ifaçısı, dramatik tenor, Azərbaycanın xalq artisti Yusif Eyvazov TELLMANN SHOW-ya video-müsahibə verib.

Müğənni müsahibəsində uşaqlıq arzuları, valideynləri, yaradıcılığı, şəxsi həyatı, Azərbaycana münasibəti və tərcümeyi-halının az bilinən məqamları barədə təəssüratlarını bölüşüb. “Atam əvvəldən mənə inanan yeganə insan idi... O, mənə etimad göstərdi, məni anladı və dəstəkləməyə başladı. Buna görə bütün həyatım boyu atama minnətdar olacağam”, - deyə o bildirib.

Yusif Eyvazov müasir dövrün dahi tenorlarından biri Plasido Dominqo ilə şəxsi dostluğundan bəhs edib: “O, son dərəcə diqqətli insandır. Premyeram olduğunu heç vaxt unutmaz, harada olursa-olsun zəng vurar və ya SMS göndərər, xeyir-dua verər”.

“Siz dövlət başçısının rəsmi qəbulundasınız” ənənəvi sualına cavab verən Yusif Eyvazov ölkəmiz üçün həyata keçirilən tədbirlərə, incəsənət xadimlərinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmək istəyi barədə danışıb.

Müsahibədə Azərbaycanın turizm baxımından cazibədar regionlarına və milli mətbəxinə xüsusi yer ayrılıb. Müğənni Azərbaycanın tanınmış opera ifaçısı Elçin Əzizovla birgə planlarından, ailəlikcə avtomobillə ölkənin az tanınan güşələrinə səyahət etməkdən bəhs edib. O, əcnəbi turistlərə Azərbaycanın bəyəndikləri gəzməli-görməli yelərinə səyahət etməyi məsləhət görür.

Yusif Eyvazov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışını Azərbaycan tarixinin ən mühüm məqamlarından hesab edir: “Bu, Azərbaycan üçün qurtuluş idi... Azərbaycanın, demək olar ki, batdığı, cinayətkarların ölkəni taladıqları, hissələrə parçaladıqları bir vaxtda xilaskar kimi geri qayıtdı və xalq onun ardınca getdi”.

Video-müsahibəni https://youtu.be/d67L5p8NyCk   linki vasitəsilə izləyə bilərsiniz.

TELLMANN SHOW-nun müəllifi və rəhbəri Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir.

TELLMANN SHOW Gate 25-in iştirakı ilə Caspian European Club və “Narimanfilm” kinostudiyasının birgə layihəsidir.

TELLMANN SHOW-nun yaradıcı kollektivi bu layihədə sponsor, partnyor və ya reklamverici qismində iştirak etmək istəyən şirkət və təşkilatları əməkdaşlığa dəvət edir.

 

 

Bütün xəbərlər