BMT-nin Baş Katibinin Köməkçisi Azərbaycana səfər edəcək

12.03.2019,11:00


12 mart, Fineko/abc.az. BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqer Cənubi Qafqaza səfəri çərçivəsində mart ayının 12-də Azərbaycana üç günlük rəsmi səfərinə başlayacaq.

Büdcə gəlirlərini əsas etibarilə neft hesabına formalaşdıran və yoxsulluqla mübarizə sahəsində qəti irəliləyişə nail olan Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində səy göstərməyə davam edərək, iqtisadi artımdan və dövlət xidmətlərindən faydalanan əhalinin sayının artması istiqamətində tədbirlər görür. Son aylarda Hökumət BMTİP ilə birlikdə əlilliyi olan insanların öz bizneslərini qurmasına kömək etmək, əhalinin təcrid olunmuş qruplarının, o cümlədən əlilliyi olan müharibə veteranlarının məşğulluq imkanlarını yaxşılaşdırmaq və ölkədə vacib dərman vasitələri ilə təminatı genişləndirmək məqsədi daşıyan üç önəmli layihəyə start verib.

Azərbaycana səfəri çərçivəsində xanım Spolyariç Eqqer məşğulluq, ətraf mühitin mühafizəsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi və şəhərlərin dayanıqlılığı kimi əsas sahələrdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə, Azərbaycanda hökumət rəsmiləri, bir sıra nazirliklərin rəhbərləri ilə  görüşlər keçirəcək.

Xanım Spolyariç Eqqer Bakının Xəzər rayonunda yeni Qadın Resurs Mərkəzinin açılışında iştirak edəcək və vətəndaşlara dövlət xidmətlərinin və özəl sektor xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunduğu “ASAN Xidmət” mərkəzinə baş çəkəcək. O, həmçinin “Yeni Xarici Siyasət” mövzusunda VII Qlobal Bakı Forumunda iştirak edəcək və Yer Kürəsi İnstitutunun nümayəndəsi Ceffri Saks və BMTİP-in keçmiş rəhbəri Helen Klarkla eyni panel sessiyasında dayanıqlı inkişafa keçidin siyasi-iqtisadi aspektlərini müzakirə edəcək. Xanım Spolyariç Eqqer həm də, Azərbaycanda ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən və BMTİP-in ənənəvi olaraq hər il təşkil etdiyi əsas tədbirlərdən biri olan 6-cı Regional Internet İdarəçiliyi Forumunda açılış nitqi söyləyəcək.

İnnovasiya laboratoriyalarından istifadəni sınaqdan keçirən və bu yaxınlarda Azərbaycan da daxil olmaqla, özünün dünyanın müxtəlif yerlərindəki  nümayəndəliklərində 60 akselerator laboratoriyasının yaradılacağını elan edən BMTİP Azərbaycana inkişafla bağlı yeni perspektivlər gətirməyə davam edir.

Açar sözlər: BMT