Hindistan Boeing 737 MAX təyyarələri üçün öz hava fəzasını bağlayır

13:10 - 13.03.2019


13 mart, Fineko/abc.az. Boeing 737 MAX laynerlərinin uçuşları Hindistan hava fəzasında çərşənbə günü, yerli vaxtla saat 16:00-dan (14:30) başlayaraq qadağan olunacaq.

NDTV kanalı xəbər verir ki, müvafiq qərar, Efiopiyada Boeing 737 MAX 8 təyyarəsinin qəzaya uğradığından sonra Hindistan Mülki Aviasiya Baş İdarəsi (Directorate General of Civil Aviation, DGCA) tərəfindən qəbul edilib.

Dünən, İdarə ölkədəki bütün Boeing 737 MAX 8 təyyarələrinin uçuşlarını müvəqqəti olaraq dayandırmağa qərar verdi. Hindistanda bu tip təyyarələr iki aviaşirkət tərəfindən istifadə edilir: Jet Airways və SpiceJet. Telekanalın məlumatına görə, SpiceJet-də 13 təyyarə, Jet Airways-də isə beş layner var.

Bir sıra ölkələr Boeing 737 MAX və onun modifikasiyalarının uçuşlarının dayandırılmasını  çərşənbə axşamı və çərşənbə günü açıqladı. Eyni zamanda ABŞ Federal Aviasiya Administrasiyası, Boeing 737 MAX uçuşlarını hələ ki qadağan etməyəcəyini açıqladı. "Boeing" şirkəti bu tip təyyarələrin təhlükəsizliyinə əmin olduğunu bildirib, lakin tənzimləyicilərin uçuşların dayandırılması barədə qərarını başa düşür.

Efiopiyada martın 10-da baş vermiş təyyarə qəzası  nəticəsində 157 nəfər həyatını itirdi. Addis Abebadan Nairobiyə uçan Boeing 737 MAX 8 Efiopiya paytaxtından (Bişoftu şəhərinin yaxınlığında) təxminən 60 km cənub-qərbdə düşdü. Qəzanın dəqiq səbəbləri hələ müəyyənləşdirilməyib, hər iki özüyazan qurğu  tapılıb.

Ötən il oktyabrın 29-da İndoneziyanın "Lion Air" büdcə aviaşirkətinin Boeing 737 MAX 8 təyyarəsi Cakartadan Pankalpinanqa uçurdu. Paytaxtın hava limanından qalxandan təxminən 13 dəqiqə sonra, təyyarə Yava dənizinə düşdü. Təyyarədə olan 189 nəfərin hamısı həlak oldu. Birinci özüyazan aparatının məlumatlara görə, laynerdə ən azı altı texniki pozuntu aşkar edilmişdir.

 

Bütün xəbərlər