Azərbaycan və İran 2020-ci ildən üçüncü ölkələrə avtobus ixrac edəcəklər

15.03.2019,15:58


15 mart, Fineko/abc.az. Bu gün Bakıda İqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 13-cü iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.

Komissiyanın həmsədrləri, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev və İranın iqtisadi məsələlər və maliyyə naziri Fərhad Dejpəsənd arasında Anlaşma Memorandumu imzalanmışdır.

Həmçinin “Ethad” və “Azərmaş” arasında Neftçala sənaye məhəlləsində avtomobil ehtiyat hissələrinin birgə istehsalı barədə Anlaşma Memorandumu, “Qartal” və “Azərmaş” şirkətləri arasında Hacıqabul sənaye məhəlləsi ərazisində avtobusların birgə istehsalı barədə Anlaşma Memorandumu imzalanıb.

“Azərmaş” şirkətinin rəhbəri Emin Axundov bildirib ki, 5 hektar ərazidə yerləşəcək və 100 nəfərin işləyəcəyi avtobus istehsalı zavodu Avropa və Asiya istehsalçılarından avtobus modelləri istehsal edəcək. Zavodun dəyəri təxminən 11 milyon manat təşkil edir. Layihədə “Azərmaş”ın payı 25% təşkil edir.

“Zavod 2020-ci ilin sonuna qədər istismara veriləcək, illik gücü isə 500 avtobus təşkil edəcək. Qonşu ölkələrə avtobus ixrac etməyi planlaşdırırıq, eyni zamanda ölkə daxilində avtobusların istismarı haqqında danışıqlar aparılır və bu da qiymət siyasəti baxımından faydalıdır”, - deyə E. Axundov bildirib.

“Azərmaş”ın payı 50% olan ehtiyat hissələrinin istehsalı zavodu təxminən 7 milyon manata başa gəlir. Zavodda 70 nəfər  işləyəcək.