25-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi

19.03.2019,14:56


19 mart, Fineko/abc.az. 15 - 17 may tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2019 sərgisi keçiriləcək.

Müstəqil Azərbaycanda qida sənayesinin inkişaf təməlində dayanan bu sərgi sənayenin yeni təmayülləri ilə ayaqlaşmaqla yanaşı, bu sahənin regionda aparıcı qüvvəsinə çevrilib. Sərgi uğurla həyata keçirildiyi 25 il ərzində dünyanın 40-dan artıq müxtəlif ölkələrini təmsil edən 2137 şirkəti bir araya gətirib. Bu gün WorldFood Azerbaijan sərgisi Azərbaycanda bu qəbildən olan yeganə tədbirdir və qida sənayesinin aparıcı yerli və beynəlxalq istehsalçıları, distribyutorları və ixracatçılarının unikal görüş yerinə çevrilib. WorldFood Azerbaijan sərgisi məhsul və avadanlıqların nümayiş olunması, habelə xidmətlərin təqdim edilməsi üçün səmərəli vasitə olmaqla yanaşı, ölkələr arasında yeni biznesə və iqtisadi ticarət əlaqələrinin inkişafına start verən platformadır.

WorldFood Azerbaijan 2019 sərgisində Litva, Rusiya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən, aşağıdakı sahələrdə özlərinin ən son məhsul və xidmətlərini təqdim edən 200-dən artıq eksponentin iştirakı planlaşdırılır: qənnadı məmulatları, süd məmulatları, ət və quş əti məmulatları, şirələr, çay və qəhvə məhsulları, tütün, eləcə də meyvə-tərəvəz üçün avadanlıqlar, metal konstruksiyalar, nişanlama avadanlıqları və s. Builki sərginin debütantı  - UAB Fleur Alpine şirkəti sərgidə uşaq qidalarını təqdim edəcək. Belarus, İtaliya, Türkiyə, Şri-Lanka və Rusiyanın regional qrupları isə tədbirdə milli stendlərlə çıxış edirlər.

Bu il təşkilatçılar tərəfindən işgüzar proqram, eləcə də sərginin yubileyinə həsr olunmuş əlavə tədbirlərin keçirilməsi planlaşdırılır.

Sərgi çərçivəsində həmçinin yeni əlaqələrin qurulması və mövcud əlaqələrin gücləndirilməsi üçün əlavə platforma olan “B2B” formatlı ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

İlk dəfə olaraq, Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyinin və chefs.az portalının təşkilati dəstəyi ilə “Chefs Cup” Aşpazlar çempionatı keçiriləcək. Azərbaycanın kulinariya sahəsində ilk dəfə olaraq bu cür genişmiqyaslı və parlaq müsabiqə təşkil olunur. Bu müsabiqə yerli qastronomiya sənayesinə böyük töhfə verməklə yanaşı, onun səmərəli inkişafını da stimullaşdıracaq. Bu müsabiqədə iştirak müxtəlif kulinariya sahələrini təmsil edən komandalar və ayrı-ayrı şəxslərə öz yüksək peşəkarlıq və istedadlarını, eləcə də bütün dünyada mehmanxana-restoran biznesi üzrə tədbirlər xüsusunda məlumatlı olmaq istəyini nümayiş etdirməyə imkan yaradacaq.

Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı Iteca Caspian şirkətidir.

Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnamə rəsmi saytdan əldə edə bilərsiniz: worldfood.az