“AZAL” Boeing-737 MAX təyyarələrini almaqdan imtina etdi

11:38 - 28.03.2019


28 mart, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) artıq Boeing-737 MAX təyyarələrini satın almaq istəmir.

AZAL-da bir məlumat mənbəyi Fineko/abc.az saytına bildirib ki, belə bir qərar təhlükəsizlik məqsədilə qəbul olunub. Belə ki, "Ethiopian Airlines" aviaşirkətinin layneri qəzaya uğradıqda157 nəfər həlak olmuşdur.

Rəsmi olaraq bu bəyanat hələ AZAL-da şərh edilməyib.

Əvvəllər səkkizinci və doqquzuncu seriyalı Boeing 737 MAX təyyarələrinin istifadəsi qadağan edilmiş və hazırlanan nəqliyyat vasitələrinin tədarükü dondurulmuşdur. İstehsalçı şirkət “Ethiopian Airlines” aviaşirkətinə məxsus olan laynerin qəzasından sonra bu addımı atmışdı. Daha sonra Avropa İttifaqı, ABŞ və Rusiya öz əraziləri üzərindəki fəzanı onların uçuşlarına bağlamışdı.

“AZAL” ən gənc təyyarə parkına malikdir. Aviaşirkət, "Boeing" şirkəti ilə uzun əməkdaşlıq tarixinə malikdir və hazırda  Boeing 787 Dreamliner, Boeing 767 və Boeing 757 təyyarələrini istismaq edir. Hələ 2017-ci ildə şirkət öz donanmasına müasir Boeing-737 MAX təyyarələrini əlavə etmək planlarını açıqlamışdı.

“Azərbaycan Hava Yolları” həmçinin Airbus 340, Airbus 320, Airbus 319 və Embraer 190 təyyarələrini uğurla istismar etməyə davam edir.

 

Bütün xəbərlər