İlham Əliyev ticarət mərkəzlərində təftiş keçirilməsini və təhlükəsizliyin təmin edilməsini tapşırdı

15:19 - 28.03.2019


28 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı müşavirə keçirmişdir.

Müşavirə zamanı dövlət başçısı qeyd edib ki, hazırda yanğının səbəbləri araşdırılır və iş yerlərini, əmlakını itirmiş  və maddi ziyana uğrayan sahibkarların problemlərini həll etmək üçün tədbirlər görülür.

Dövlət başçısı bildirib ki, dünən və bu gün Nizami rayon İcra Hakimiyyətində sahibkarlarla görüşlər keçirilib və onlara dövlət tərəfindən dəstək göstəriləcək. Prezident qeyd edib ki, İqtisadiyyat Nazirliyi hər bir sahibkarla görüşməli, onların problemlərini dinləməli və operativ şəkildə maliyyə vəsaitləri ayırmalıdır. Digər orqanlar sahibkarlarla birgə zərərin miqdarını dəqiqləşdirməlidir. Səbəblərin araşdırılması və sahibkarlara maddi yardımın göstərilməsi üçün komissiya yaradılacaqdır.

Sonra Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov dövlət başçısına vəziyyət haqqında məruzə etdilər.

Prezident bir sıra tapşırıqlar verdi və bütün ticarət mərkəzlərində təftiş aparılacağının və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin zəruri olduğunu bildirdi.

 

Bütün xəbərlər