Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk sərnişin qatarı Bakıya gəldi

15:18 - 29.03.2019


29 mart, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-in sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb.

QSC-in məlumatında deyilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatar doqquz sərnişin vaqonu, bir restorandan ibarətdir.

“Qatar İsveçrədən Türkiyəyə, oradan Gürcüstana gətirilib. Qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda 1520 mm standartlı izdən və 1435 mm mm standartlı izə test rejimində sınaqdan keçiriləndən sonra Bakıya gətirilib”, - məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki, 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə imzalanıb. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb. 

 

Bütün xəbərlər