Özəlləşdiriləcək dövlət əmlakının vergi borclarının tənzimlənməsi qanunu təsdiq olunub

14:26 - 2.04.2019


2 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Belə ki, dövlət əmlakının satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının bu Qanunun qüvvəyə minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir. Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emissiya prospektində) ayrıca göstərilir.

Qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu Qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinir:

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə – ödənilməmiş qalan borcları silinir;

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə – ödənilməmiş qalan borcları silinir;

- dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə – ödənilməmiş qalan borcları silinir.

Qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu Qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin bu Qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Dövlət əmlakının (müəssisələrinin) satıcısı dövlət əmlakının (müəssisələrinin) özəlləşdirilməsinin başa çatması tarixi haqqında məlumatı həmin tarixdən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Bütün xəbərlər