İlham Əliyev BTQ xətti ilə hərəkət edəcək sərnişin qatarı ilə tanış oldu

13:19 - 3.04.2019


3 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmiryolu ilə hərəkət edəcək sərnişin qatarı ilə tanış oldu.

“Azərbaycan Dəmir Yolları” QSC-in sədri Cavid Qurbanov bildirib ki, martın 29-da İsveçrənin Stadler Rail Group şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstan ərazisindən Bakıya gəlib.

“Bundan əvvəl qatar Axalkalakidə sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir”, - deyə Cavid Qurbanov bildirib.

Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili bu ilə planlaşdırılıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, qatar bir istiqamətdə 246 sərnişinin daşınması üçün nəzərdə tutulub və 160 km / saat sürətlə hərəkət etmək qabiliyyətinə malikdir. Bundan əlavə, hər bir vaqon dizel generatoru ilə təchiz olunub ki, bu da lokomotivin sıradan çıxması halında vaqonların 24 saat fasiləsiz işləməsini təmin edəcəkdir.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut yüklərin daşınması həyata keçirilir. İlk mərhələdə BTQ xətti ilə 1 milyona qədər sərnişin və 6,5 milyon ton yük daşınması gözlənilir. Lakin bu dəhliz boyunca nəqletməni ildə 20-22 milyon ton yükə çatdırılması planlaşdırılır.

 

Bütün xəbərlər