SOCAR istiqrazları sahiblərinin gəlirləri aprelin 17-də 12,5 milyon dollara çatdırılacaq

15:02 - 4.04.2019


4 aprel, Fineko/abc.az. 17 aprel tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstiqrazları üzrə 2019-cu ilin  ikinci faiz ödənişi həyata keçiriləcək.

SOCAR Capital şirkətinin verdiyi məlumata əsasən, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsaitin bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürüləcək.

“SOCAR İstiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. Dollarda illik 5 faiz gəlir gətirən bu istiqrazların artıq sayca 10-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 12 milyon 500 min dollara yüksəlmiş olacaq”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 172 milyon dolları keçib.

2019-cu ilin ilk rübündə 110-dan çox, ümumilikdə isə 1700 əqd bağlanıb.

17 aprel tarixində ümumi faiz ödənişlərinin artıq yarısı yekunlaşmış olacaq və müddətin sonunda isə istiqraz sahiblərinin ümumi gəliri 25 milyon dollar təşkil edəcəkdir.

 

Bütün xəbərlər