Bugünki hərracda 6 dövlət əmlakına 12 sifariş verildi

09.04.2019,12:47


9 aprel, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 9-u dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda 6 dövlət əmlakı üzrə 12 sifariş qəbul olunub. Özəlləşən dövlət əmlakları Bakı, Gəncə, Şabran və Lənkəranda yerləşir. Onlara kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahəsi aiddir.

Kiçik dövlət müəssisələri arasında zavod və ictimai iaşə obyektləri var. Yüksək iqtisadi potensialı olan “Lənkəran Mexaniki Təmir Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti də özəlləşdirilən dövlət əmlakları arasındadır. Lənkəran  şəhəri, Heydər Əliyev Prospektindəki zavodun ümumi faydalı sahəsi 3.9 min kv.m-dir. 29.3 min kv.m-lik torpaq sahəsi ilə birgə bu dövlət əmlakı 350 min manata özəlləşdirildi.

Növbəti hərrac 16 aprel tarixində keçiriləcək. Hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir.

Açar sözlər: özəlləşdirmə hərrac