330x110
 

Mərkəzi Bankın blokçeyn layihəsi beynəlxalq sammitdə təqdim olunub

09.04.2019,14:30


9 aprel, Fineko/abc.az. Dubayda təşkil olunan "Future blockchain summit"də Azərbaycan Mərkəzi Bankı pilot olaraq reallaşdırdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin təqdimatını keçirib. ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Çin, Rusiya, Estoniya, Malta və digər ölkələrdən 170 eksponentin, 14 min iştirakçının qatıldığı "Future blockchain summit"də blokçeyn, əşyaların interneti, böyük verilənlər, süni intellekt və sair kimi müasir innovativ həllərin sərgisi keçirilib, bu innovasiyaların müxtəlif ekosistemlərdə real tətbiqləri barədə çıxışlar edilib.

Sammitdə "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində Mərkəzi Bank tərəfindən reallaşdırılan blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin məqsədi və tətbiqi nəticəsində əldə ediləcək faydalar barədə məlumat auditoriyanın diqqətinə çatdırılıb. "IBM" və "Lenovo" şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində yaradılan informasiya sistemi məsafədən bank xidmətlərinin təqdim edilməsi və müştəri-bank münasibətlərinin tam elektronlaşdırılmasına imkan verəcək.