Fərdi və vəkil bürolarının tərkibində fəaliyyət göstərən vəkillər vergiödəyiciləridirlər

15:40 - 9.04.2019


9 aprel, Fineko/abc.az.  Vergi Məcəlləsinin 99.3.11-ci maddəsinə əsasən, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri xidmətə görə alınan ödənişlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər qrupuna aiddir.

Fərdi qaydada fəaliyyət göstərən vəkillər Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəyirlər. Vəkillər Kollegiyasının üzvləri gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. 
Vəkil bürolarının tərkibində fəaliyyət göstərən vəkillərin vergi və məcburi dövlət sosial sığorta ödənişlərini isə müvafiq bürolar yerinə yetirir. 

Həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkillər öz gəlirlərindən vergini illik ödədikləri halda, vəkil bürolarının tərkibində olan vəkillərin hesabatları və ödənişləri rüblük həyata keçirilir. Yekunda eyni faiz dərəcəsi tətbiq olunsa da, əslində, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsi üzrə tutulan ödənişlərə Məcəllənin 101.1-ci maddəsi üzrə nəzərdə tutulan 2500 manatadək gəlirdən 14 faiz vergi dərəcəsi tətbiq edildiyi üçün, vəkil ay ərzində üzvü olduğu büronun hesabına 2500 manatdan yuxarı məbləğdə xidmət haqqı köçürdüyü halda, yuxarı olan hissənin 25 faizindən də gəlir vergisi hesablanmalıdır.

Eyni zamanda, vəkil büroları tərəfindən vəkillərin məcburi dövlət sosial sığortası "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə müəyyən edilən, gəlirlərinin 25 faizi həcmində olan hissədən tutulur.

Bütün xəbərlər