Masallıda anti-sanitar şəraitdə pendir istehsal edən sex aşkarlandı

16:41 - 9.04.2019


9 aprel, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinə Masallı rayonu, Qəriblər kəndində anti-sanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı  şikayət daxil olub. Daxil olan şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

Monitorinq zamanı Masallı rayonu, Qəriblər kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatının  yaxınlığında qanunsuz pendir istehsalı ilə bağlı məlumatlar öz təsdiqini tapıb. Belə ki,  ilkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və  texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 500 kq pendir, yarımfabrikat məhsullar, həmçinin  sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyəti isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvəqqəti olaraq məhdudlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.

Agentlik vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağırı Mərkəzi”nə zəng edib məlumat verməyi xahiş edir.

 

Bütün xəbərlər