BDU əməkdaşlarının maaşı dekabrın 1-dən artırılır

27.11.2017,16:08


27 noyabr, Fineko/abc.az. Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının maaşı 1 dekabr 2017-ci il tarixindən qaldırılacaq.

BDU-dən verilən məlumata əsasən, rektorluğunun 24 noyabr 2017-ci il tarixli genişləndirilmiş iclasında universitetin bütün əməkdaşlarının əmək haqlarının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.

“Ayda 130 manata qədər  nəzərdə tutulan artım, ali təhsil müəssisəsinin 3 mindən çox əməkdaşına şamil ediləcək”, - məlumatda belə deyilir.

Qərara əsasən, dekabrın 1-dən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və “Gənc istedadlar” liseyi kollektivinin  əmək haqqı artırılacaq.