“Təmiz Şəhər” ASC Cenevrədə təşkil olunan “Şəhərlər Günü” sərgisində təmsil olunub

12:21 - 10.04.2019


10 aprel, Fineko/abc.az. 8-9 aprel 2019-cu il tarixlərində “Təmiz Şəhər” ASC BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 68-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində keçirilən “Şəhərlər Günü” adlı sərgidə təmsil olunub. Komissiyanın icraçı direktoru, BMT Baş katibinin müavini Olqa Alqayerovanın sədrliyi ilə keçirilən tədbir “Ağıllı Dayanıqlı Şəhərlər: Dayanıqlı İnkişafın Aparıcılarıdır” mövzusuna həsr edilib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti, Bakı şəhərində Dayanıqlı İnkişafın üç əsas elementi olan iqtisadi və sosial inkişaf, eləcə də ətraf mühitin qorunması sahələrində Azərbaycanda uğurlu nümunələri nümayiş etdirmək məqsədi ilə sərgidə üç əsas layihə ilə təmsil olunub. Bunlar ekoloji və iqtisadi elementləri özündə birləşdirən “Ağ Şəhər” və “Təmiz Şəhər” layihələri, həmçinin sosial elementi ehtiva edən Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsidir.

“Təmiz Şəhər” ASC-nin sərgidəki stendində ekoloji mühitin qorunması sahəsində qurum tərəfindən görülən işlər nümayiş etdirilib. Stendlə tanış olanlara məlumat verilib ki, müəssisə Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantılardan əldə edilmiş müxtəlif növ materialları çeşidləyərək təkrar emala yönləndirir. Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə zibil kütləsi yandırılmaqla elektrik enerjisi hasil edilir.

Sərgidə həmçinin “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı da təqdim edilib. Məlumat verilib ki, 2017-ci ildə istifadəyə verilmiş və investisiya məbləği 40,3 milyon manat təşkil edən Balaxanı Sənaye Parkında qeydiyyata alınmış 15 rezidentdən 7-i artıq fəaliyyət göstərir. Sahibkarların marağı nəzərə alınmaqla Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Hazırda müəssisələrdə 400-ə yaxın işçi çalışır və yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-ə çatdırılması nəzərdə tutulur.

BMT Baş katibinin müavini Olqa Alqayerova və iştirakçılar “Təmiz Şəhər” ASC-nin həyata keçirdiyi sosial layihələrlə də tanış olub. Belə layihələrdən biri Heydər Əliyev Fondu ilə birgə icra olunan “Tullantıdan sənətə” Beynəlxalq İncəsənət Sərgisidir. Qeyd edilib ki, 7 ildir ki, keçirilən sərgidə 42 ölkənin rəssam və heykəltəraşlarının tullantı materiallarından hazırladığı incəsənət əsərlərinin nümayiş etdirilir.

 

Bütün xəbərlər