Yaxında Arktikada turizm inkişafı proqramı üzərində iş başlayacaq

12:45 - 10.04.2019


10 aprel, Fineko/abc.az. Yaxın zamanda “Rosturizm” Arktikada turizmin inkişafı üzrə proqram hazırlamaq üçün mütəxəssislər və turizm sənayesi nümayəndələri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır.

Bu barədə,"Arktika: Dialoq ərazisi" adlı Beynəlxalq Arktika Forumunda qurumun rəhbəri Zarina Doquzova məlumat verib.

"Biz bu işə başlamışıq, hazırkı vəziyyətlə yaxından maraqlanacağıq və yaxın gələcəkdə bütün maraqlı tərəflərin, ekspert cəmiyyətinin, bu sahədə işləyən turoperatorların iştirakı ilə bu cür proqram hazırlamaq üçün bir sıra görüşlər keçirəcəyik. Yaxın gələcəkdə onu İqtisadi İnkişaf Nazirliyinə təqdim etməliyik ", - deyə o qeyd edib ki, bu bölgədə turizmin inkişafı məsələsi “Rosturizm”in əsas prioritetlərindən biridir.

Zarina Doquzova qeyd edib ki, bu iş regionun təbiətinə ziyan vermədən aparılmalıdır.

"Arktika ilk növbədə ibtidai təbiəti olan, əksər hissəsinə insan ayağı dəyməmiş unikal bir bölgədir", - deyə o, əlavə edib.

Onun fikrincə, ilk növbədə, liman infrastrukturu, sahilyanı restoranlar, istirahət yerləri inkişaf etdirilməlidir. Bunun üçün də beynəlxalq kruiz şirkətləri ilə daha fəal əməkdaşlıq etmək lazımdır. "Biz, kruiz şirkətləri üşün keyfiyyətli və aydın məhsullarla bütün dünyada iri tematik tədbirlərdə təmsil olunmalıyıq. Ayrı-ayrı bölgələr kimi deyil, bir ölkə kimi təmsil olunmalıyıq. Həmçinin, sərmayəçilərlə işləmək, əlverişli investisiya mühiti yaratmaqlazımdır. Ərazidə həyata keçirilən layihələrə investisiya etmək istəyən müəssisələr üçün hansı vergi seçimləri ola biləcəyinə baxılmalıdır”, - deyə “Rosturizm”in rəhbəri bildirib.

 

Bütün xəbərlər