Mart ayında Azərbaycanda neft hasilatının gündəlik həcmi 798 min barel təşkil edib

10.04.2019,17:24


10 aprel, Fineko/abc.az. 2019-cu ilin mart ayında Azərbaycanda gündəlik neft hasilatı 798 min barelə (yanvarda 793 min barel/gündə, fevralda isə 806 min barel/gündə) bərabər olub ki, bunlardan 714 min barel neft, 84 min barel kondensat təşkil edib.

Energetika Nazirliyi xəbər verir ki, mart ayında gündəlik 586 min barel xam neft, 84 min barel kondensat və 19,7 min barrel neft məhsulları ixrac edilmişdir.

"İlk rübdə Azərbaycanda gündəlik orta hesabla neft hasilatı 799 min barel təşkil edib", - məlumatda deyilir.

Məlumatda deyilir ki, Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Ümumilikdə, 2018-ci ildə gündəlik neft hasilatı 792,6 min barel, 2017-ci ildə isə 781,9 min barel təşkil edib.

2016-cı ilin dekabrın 10-da  OPEC/NOPEC  ölkələrinin nazirlərinin iclası keçirilmişdir.  Görüşün nəticəsində  ölkələr ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. NOPEC ölkələri neft hasilatını gündə 558.000 barelə azaldırlar. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel həcmində  azaldmağı öhdəsinə götürüb. Razılaşma 2017-ci ilin birinci yarısına imzalanıb və onun şərtlərinin uzadılmasını nəzərdə tutub.

OPEC / NOPEC ölkələri 2017-ci il mayın 25-də Vyanada 172 nazirlər konfransında qeyd edilən razılaşmanın  9 ay müddətinə (2018-ci ilin mart ayının sonuna qədər) uzadılması barədə razılığa gəliblər. Ölkələr, 30 noyabr 2017-ci il tarixində Vyana şəhərində keçirilmiş 173-cü nazirlər görüşündə 2018-ci ilin sonuna qədər razılaşmanı uzatmaq barədə razılığa gəlmişdir.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.