Azərbaycan Maliyyə Naziri 2018-ci il dövlət büdcəsinin icrası barədə hesabatı təsdiqləyib

16:56 - 12.04.2019


12 aprel, Fineko/abc.az. Azərbaycanın Maliyyə Nazirliyində 2018-ci il dövlət büdcəsinin icrasına və qarşıda duran digər vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

İclas zamanı nazir Samir Şərifov bildirib ki, ölkənin valyuta ehtiyatları dövlət borcunu 5 dəfə üstələyib, ÜDM-in 94,8%-ni təşkil edib.

“2018-ci il icmal büdcənin gəlirləri 30 925 milyard manat və ya 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat çox, xərcləri 26 milyard 457 milyon manat və ya 1 milyard 274 milyon manat çox icra olunub. İcmal büdcə 1 milyard 549 milyon manat məbləğində profisitlə proqnozlaşdırılsa da, faktiki olaraq 4 milyard 468 milyon manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2 milyard 918 milyon manat və ya 1,9 dəfə çox deməkdir”, - məlumatda belə deyilir.

Onun sözlərinə görə, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 509 milyon manat və yaxud təsdiq olunmuş proqnoza qarşı 360,0 milyon manat çox, 2017-ci illə müqayisədə isə 6,0 milyard manat çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar 9 milyard 108 milyon manat və yaxud 103,5 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 305,0 milyon manat çox olub. 2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 731 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci illə müqayiəsədə 5 milyard 137 milyon manat çox olub.

“Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza qarşı 728,0 milyon manat az və ya faktiki olaraq 223,0 milyon manat icra olunub ki, bu da ümumi daxili məhsulun 0,3 faizinə bərabərdir», - deyə nazir bildirib.

Nazir həmçinin qeyd edib ki, 2018-ci ildə dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki 22,8 faizdən 19,0 faizə enerək 3,8 faiz-bənd azalıb”, deyə nazir əlavə edib.

Yığıncaqdan sonra 2018 dövlət büdcəsi qanununun icrası barədə hesabatın Nazirlər Kabinetinə təqdim edilməsi qərara alındı.

 

Bütün xəbərlər