Caspian Energy SOCAR-a minnətdarlığını bildirir

17:34 - 27.11.2017


Caspian European Club-un sədrin birinci müavini Telman Əliyev Caspian Energy İnternational Media Group və Caspian European Club-un rəhbərliyinin adına ünvanlanmış məktubda yazılmış səmimi sözlərə və xoş arzulara görə SOCAR-ın prezidenti Rövnəq Abdullayevə minnətdarlığını ifadə edir.

SOCAR rəhbərliyinə ünvanlanmış məktubda Telman Əliyev SOCAR-ın ölkədəki və regiondakı fəaliyyətinin vacibliyini və müasir Azərbaycan tarixindəki əhəmiyyətli rolunu qeyd edib.

“Müasir Azərbaycan tarixinin müxtəlif dövrlərində energetika və iqtisadiyyat sahələrində əldə olunmuş müsbət nəticələr məhz SOCAR-ın adı ilə  bağlıdır. SOCAR-ın qazandığı hər bir nailiyyət Azərbaycanın qələbəsi, əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən neft-qaz strategiyasının nəticəsidir. Biz SOCAR-ın müəyyən vaxt ərzində Caspian Energy İnternational Media Group və Caspian European Club tərəfindən Azərbaycanda və onun hüdudlarından kənarda təşkil olunan beynəlxalq tədbirlərə sponsor dəstəyi göstərə bilməyəcəyini anlayışla qarşılayırıq. Söhbət CEO Lunch formatında tədbirlərdən, Beynəlxalq Caspian Energy Forum və Caspian American Forum-dan, həmçinin yaxın iki il ərzində Gürcüstan, Türkiyə, Yunanıstan, Qazaxıstan, İtaliya, Albaniya, Xorvatiya, Macarıstan, Bolqarıstan, Latviya, Litva, Estoniya və digər dövlətlərdə bu ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilməsi planlaşdırılan digər tədbirlərdən gedir”, - deyə Telman Əliyev qeyd edib.

Telman Əliyevin fikrincə, məhz indi, Azərbaycanın Avropanın enerji təhülkəsizliyinin qarantı kimi mühüm rol oynadığını göstərən TAP və digər layihələrin həyata keçirilməsinə mane olmaq məqsədilə xarici qüvvələrin SOCAR-a qarşı birləşdiyi vaxtda bu tədbirləri ləğv etməyə mənəvi haqqımız yoxdur. Biz iqtisadiyyatımızın aparıcı qüvvəsinin yanında olmalıyıq. “Bununla əlaqədar olaraq, bütün bu tədbirlər yerli və xarici investor və sponsorlar hesabına cəlb olunmuş vəsait hesabına təşkil olunacaqlar. Tərəfimizdən təşkil olunan hər bir tədbirdə SOCAR rəhbərliyinə öz fəaliyyəti və uzun illərdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələri barədə təqdimatla çıxış etmək imkanı yaradılacaq”, - deyə Telman Əliyev qeyd edib.

Caspian Energy-nin 18 illik fəaliyyəti ərzində olduğu kimi, biz yenə də SOCAR-ın həyata keçirdiyi layihələrə maksimal dərəcədə informasiya dəstəyi göstərməyə davam edəcəyik. Bu informasiya dəstəyini biz həm öz platformalarımızda, həm də çoxsaylı partnyorlarımızın beynəlxalq forum, sərgi və internet-portallarında göstərəcəyik.

SOCAR prezidentinə ünvanlanmış müraciət məktubunda Telman Əliyev Azərbaycan-Amerika ticarət palatasının təşkil etdiyi nahar çərçivəsində sahibkarlar, şirkət və təşkilat rəhbərləri ilə görüşə görə Rövnəq Abdullayevə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, 50 faizdən çoxu Caspian European Club-un üzvü olan nahara qatılmış iştirakçı şirkətlərin bu tarixi görüşdə iştirak etmək və SOCAR rəhbərliyi ilə qeyri-rəsmi ünsiyyət qurmaq, onları maraqlandıran suallarla müraciət etmək və ətraflı cavablar almaq imkanı qazanıb.

Telman Əliyev bu cür görüşlərin başqa formatlarda da davam edəcəyinə və ənənəvi hal alacağına, həmçinin əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş biznes-hökumət dialoqunun inkişafına xidmət edəcəyinə ümid bəslədiyini bildirib.

“Biz SOCAR rəhbərliyinə bütün layihələri uğurla həyata keçirməyi, həmçinin dünya reytinqlərində ən yüksək mövqelərdə qərarlaşmağı arzu edirik. Ümid edirik ki, SOCAR-ın qarşısındakı bütün problem və maneələr ən qısa müddət ərzində dəf ediləcək, biz isə böyük məmnuniyyətlə bu barədə Caspian Energy-nin dünyanın 70 ölkəsini əhatə edən geniş oxucu auditoriyasına məlumat verəcəyik”, - deyə Telman Əliyev fikrinə yekun vurub.

 

 

Bütün xəbərlər