Almaniyanın “AS+P” şirkəti Bakı şəhərinin baş planını 2020-ci ilə qədər hazırlayacaq

17:21 - 12.04.2019


12 aprel, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq şəhərsalma planlaşdırma şirkətinin seçilməsi üçün açıq tenderin yekunlarını açıqlayıb və Bakının Baş Planının hazırlanması prosesinin ikinci mərhələsinə başlamışdır.

Dövlət Komitəsinin məlumatında deyilir ki, Komitə nümayəndələri, müvafiq dövlət qurumları və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarına əsasən, ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilmişdir.

“Qalib gəlmiş “AS+P” – qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunmuş “AS+P” şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə uğurla icra olunub. Şirkətin təcrübəsi Almaniyanın Münhen, Köln və Frankfurt, Misirin Qahirə və İskəndəriyyə, həmçinin Sürix, Tbilisi, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "AS+P" ilə birgə Bakının Baş Planının hazırlanmasının ikinci mərhələsinə başlayır.

“Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq. Baş planın hazırlanması prosesinin 2-ci mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək”, - məlumatda belə deyilir.

Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.

 

Bütün xəbərlər