Salome Zurabişvili: “Avropa İttifaqını iqtisadi cəhətdən zəiflədirsə, Brexit arzuolunmazdır”

15.04.2019,11:15


15 aprel, Fineko/abc.az. Brexit (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) iqtisadi cəhətdən Avropa İttifaqını zəiflədirsə, arzuolounmazdır. Lakin bu, Britaniya xalqının seçimidir. Bu barədə Gürcüstanın Prezidenti Salome Zurabişvili “Caspian Energy” jurnalına verdiyi eksklüziv müsahibəsində deyib.

“Təəssüf ki, britaniyalıların böyük hissəsi Aİ-dən çıxmağın lehinə səs veriblər. Böyük Britaniya Avropa Birliyinin ən nəhəng iqtisadi güclərindən, mühüm partnyorlarından biridir. Bundan əlavə, Böyük Britaniya Xəzər regionunda ən uzunmüddətli iştiraka, həmçinin iş təcrübəsinə malikdir. 2018-ci ildə Böyük Britaniya Azərbaycandan sonra Gürcüstanda ikinci ən böyük investor olub”, - deyə o qeyd edib.

Salome Zurabişvili Brexit-in Gürcüstanda və Xəzər-Qara dəniz regionunun böyük hissəsində Böyük Britaniyanın iştirakına və ya BP-nin əməliyyatlarına mənfi təsir göstərə biləcəyinə şübhə etdiyini bildirib. “Brexit Aİ-də assosiasiyalaşdırılmış üzvlüyü məhdudlaşdırmayacaq və Gürcüstan bütün Aİ ölkələri ilə yaxın əlaqələri davam etdirəcək. Brexit çərçivəsində Gürcüstanın qoşula biləcəyi yeni imkanlar, yeni formatlar üzə çıxa bilər”, - deyə Gürcüstan Prezidenti vurğulayıb.

Gürcüstan Prezidentinin müsahibəsini tam şəkildə “Caspian Energy” jurnalının Gürcüstana həsr olunmuş xüsusi buraxılışında oxuya bilərsiniz.