Visa, innovativ ödəmə həllərinin tətbiqində Azərbaycana kömək təklif etdi

17.04.2019,16:59


17 aprel, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə "Visa Inc." beynəlxalq kart təşkilatı arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib.

Palatanın məlumatında deyilir ki, Palatada "Visa Inc." beynəlxalq kart təşkilatının vitse-prezidenti, MDB və Cənub-Şərq Avropa qrup ölkələri üzrə meneceri Vira Platonovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə ödəniş kartları sahəsində birgə fəaliyyət istiqamətləri və islahatlar müzakirə olunmuşdur.

“Azərbaycanda nağdsız ödənişlərin inkişafı üçün böyük potensial mövcuddur. "Visa Inc." beynəlxalq kart təşkilatı tərəfindən aparılan təhlillərə əsasən, ötən ildə ölkədə nağdsız ödənişlərin həcmi 42 faiz, sayı isə 33 faiz artıb. Bu cür müsbət dinamika və qlobal ekspertizaya əsaslanaraq nağdsız ödənişlərdə innovativ ödəniş həllərinə aktiv tələbat mövcuddur. "Visa Inc." əmindir ki, birgə səylər ölkədə ödəniş ekosisteminin inkişafına müsbət təsir göstərəcək”, - deyə V.Platonova bildirib.

Məlumatda qeyd olunub ki, tərəflər rəqəmsal transformasiya sürətləndirilməsi, ödəniş kartları bazarında innovativ ödəmə həllərinin istifadəsi, həmçinin, ölkədə maliyyə daxilolmalarının artırılması, ödəniş kartları bazarının inkişaf tendensiyaları ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin ödəniş xidmətləri və sistemləri çərçivəsində elektron bankinq xidmətlərinin istifadəsinin genişləndirilməsi və innovativ ödəniş həllərinin kütləvi istifadəsi üçün tədbirlər sahəsində hüquqi çərçivənin formalaşdırılması müzakirə edilmişdir.