İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır

18.04.2019,12:06


18 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Çin arasında fəal siyasi təmaslar mövcuddur. “Eyni zamanda, iqtisadiyyat sahəsində də fəal əməkdaşlığımız var. Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik. Azərbaycanda çox münbit sərmayə mühiti olduğundan biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik”, - deyə İ.Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. Ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. “Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılmışdır. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

Humanitar sahədə əməkdaşlığımızın yaxşılaşdırılması münasibətlərimizin inkişafında vacib rol oynaya bilər. Düşünürəm ki, təhsil sahəsində daha fəal əməkdaşlığa ehtiyac var”, - prezident belə deyib.