Prezident: Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir

12:25 - 18.04.2019


18 aprel, Fineko/abc.az. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bildirib.

“Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Biz dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq. Ötən ilin may ayında biz Xəzər dənizində 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq liman istifadəyə verdik. Ehtiyac olduğu təqdirdə, onun imkanları 25 milyon tona qədər artırıla bilər. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatar yük daşınmışdır”, - deyə prezident bildirib.

Onun sözlərinə görə, coğrafi yerləşməmizdən istifadə edərək, biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik.

“Bizim ölkə tarixi İpək Yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb”, - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, “Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə, sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir.

“Ümid edirəm ki, “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu bu istiqamətdə növbəti addım olacaq və məhsuldar müzakirələrin aparılması üçün yaxşı imkan yaradacaq”, - deyə prezident vurğulayıb.

 

 

Bütün xəbərlər