Azərbaycan və Belarus, Şimal-Cənub və Qərb-Şərq layihələrində avtomobil daşımalarının payını artırmağı qərara aldılar

16:49 - 18.04.2019


18 aprel,  Fineko/abc.az. Bakıda beynəlxalq avtomobil daşımaları ilə bağlı Azərbaycan-Belarus Qarışıq Komissiyasının iclası keçirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, iclasda dövlət xidmətinin rəhbəri Həbib Həsənov və avtomobil nəqliyyatı idarəsinin müdir müavini Gennadi Aleksian sədrlik edib.

“İclas zamanı beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumat mübadiləsi, daşıyıcıların problemlərinin həlli yolları və daşımaların inkişaf perspektivləri müzakirə edilib”, - məlumatda  belə deyilir.

Məlumatda qeyd edilir ki, iclas zamanı ölkələr arasında avtomobil daşımalarının inkişafı, sərhəd keçid prosedurlarının sadələşdirilməsi, gözləmə müddətinin azalması, işçi heyət tərəfindən  işçi və çıxış rejimlərinə riayət edilməsi, beynəlxalq Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərində avtomobil daşımalarının payının artırılması barədə razılığa gəldikləri bildirilib.

“İclasdan sonra ölkələr arasında avtomobil daşımaları üzrə "icazə" formaları üçün kontingentin təsdiqlənməsi haqqında protokol imzalanıb”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər