Fermerlər dövlətin dəstəyi ilə 506 ədəd kənd təsərrüfatı texnikası aldılar

19.04.2019,16:57


19 aprel, Fineko/abc.az. Dövlətin dəstəyi ilə Azərbaycanda bir ay ərzində 506 ədəd kənd təsərrüfatı texnikası satılıb.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, dövlət agentliyinin vəsaiti hesabına aktiv satış mart ayından başlanıb.

“Artıq aprelin 15-dək 506 kənd təsərrüfatı texnikasının satışı həyata keçirilib. Satılmış texnikanın 411-i Aqrolizinq ASC-yə, 95 ədədi isə digər təchizatçılara məxsus olub. Ümumilikdə 32 milyon manatlıq texnika satışına görə 12,8 milyon manat dövlət vəsaiti ayrılaraq subsidiya kimi fermerlərin əvəzindən təchizatçılara ödənilib. Agentlik fermerlərə 8 milyon manat kredit verib”, - məlumatda belə deyilir.