22 aprel tarixindən problemli kreditlərlə bağlı kompensasiyaların verilməsi başlanılır

19.04.2019,18:22


19 aprel, Fineko/abc.az. Banklar tərəfindən 22 aprel 2019-cu il tarixindən etibarən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanılacaq.

Ödəniş fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə “Azərpoçt” MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcəkdir.

Banklar tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiya ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcək. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq.

Kompensasiya ödənişlərinin edilməsi məqsədilə fiziki şəxslər növbəlilik prinsipi əsasında kompensasiyanın veriləcəyi yer, tarix və zəruri sənədlər barədə banklar tərəfindən əvvəlcədən SMS və ya zəng yolu ilə məlumatlandırılacaqdır.