Pərviz Şahbazov Çində “Kəmər və Yol Enerji Tərəfdaşlığı”na dair çıxışlar edib

25.04.2019,14:12


25 aprel, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində keçirilən inauqurasiya mərasimində çıxışı zamanı,  “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nı qlobal əməkdaşlıq platforması kimi  qiymətləndirib və  bu yeni əməkdaşlıq modelinin böyük miqyasda enerji resurslarını, infrastrukturu, texnologiyaları, investisiya imkanlarını əhatə etdiyini qeyd edib.

Nazir  Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutu-Bakı-Tbilisi-Qars dəmiryolu, Xəzər dənizində 25 milyon tona qədər yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətini təmin edən digər infrastruktur layihələri, eləcə də  neft-qaz kəmərləri  barəsində ətraflı məlumat verib.

Hazırda həyata keçirilən nəhəng infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətinə də toxunan nazir bilidirib ki, bu dəhliz  Azərbaycana Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Cənub-Şərqi Avropa, Balkan ölkələrinin bazarlarına, növbəti mərhələdə isə Qərbi Avropaya çıxmağa imkan verəcək.

Eyni zamanda, bu layihənin dəhliz xarakteri gələcəkdə qaz mənbələrinin, tədarükçülərin və istehlakçıların sayını artırmaqla daha böyük miqyasda şaxələnməni mümkün edə biləcək.

İndiyə kimi Çindən Azərbaycana yatırılan 800 milyon ABŞ dollarından çox sərmayənin məhz neft sektorunun payına düşməsini isə nazir Azərbaycan-Çin enerji əməkdaşlığının mühüm göstəricisi hesab edib. Çinlə neft-qaz, neft-kimya, emal sənayesi, neft və neft məhsullarının ticarəti, elektrik stansiyalarının yenidənqurulması tədbirləri üzrə əməkdaşlığın yeni layihələrlə, investiya qoyuluşu, bərpa olunan enerji, yaşıl texnologiyalar kimi yeni istiqamətlərlə  genişlənə biləcəyini bildirib.

Qeyd edək ki, “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində Tərəfdaşlığın “Əməkdaşlıq Prinsipləri və Konkret Addımlar”ı sənədi qəbul olunub.