Akademik Ziyad Səmədzadə CEO Lunch Baku-nun fəxri qonağı olub

16:36 - 1.05.2019


1 may, Fineko/abc.az. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə Caspian European Club-un 2019-cu il mayın 1-də “Hyatt Regency Baku” otelində təşkil etdiyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

CEO Lunch Baku-nu Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev açıb. Daha sonra Milli Məclisinin İqtisadi siyasət sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edib.

Parlament komitəsinin rəhbəri görüş iştirakçılarına iqtisadi sahədə mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsi və parlament komissiyasının üzərində işlədiyi yeni qanunvericilik barədə məlumat verib. Akademik maliyyə sahəsinin, o cümlədən bank və sığorta sisteminin inkişafı üzrə tədbirlərin vacibliyini qeyd edib. O həmçinin büdcə siteminin islahatlaşdırılmasının, xüsusilə inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda bir neçə dəfə aşağı olan büdcə xərclərinin artırılmasının vacibliyini vurğulayıb. 

Ziyad Səmədzadə neftin qiymətinin artımının ölkənin sosial-iqtisadi həyatına təsiri ilə bağlı fikrini ifadə edərək, dövlətin ölkədəki sosial əhəmiyyətli bütün əsas layihə və hadisələrin həyata keçirilməsindəki rolundan danışıb. 

Tədbir Parlament Komitəsi ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan Caspian European Club-un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzvü olan şirkətlərin rəhbər və nümayəndələrinin vergi və gömrük sahəsində, həmçinin ölkədə sərmayə və biznes mühitinin yaxşılaşdırılması üzrə təklif və təşəbbüslər müzakirə edilib. CEO Lunch Baku-nun iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab alıblar.

Tədbirdə akademik Ziyad Səmədzadəyə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni üzvlərinə və üzvlüyünü davam etdirən şirkətlərinə də sertifikatlar verilib.  

CEO Lunch-da fəxri qonaq qismində həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi Füzuli Musayev iştirak etdi.

CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

 

Bütün xəbərlər